Kriptorxizm nədir, səbəbləri və cərrahi müalicəsi

Kriptorxizm haqqında ətraflı məlumat

Kriptorxizm nədir?

Kriptorxizm termini enməmiş testis anlayışı ilə sinonim olub, xayanın xayalıqda olmadığı bütün hallar üçün istifadə edilir.

Xayalar xayalığa necə enir?

Bətndaxili inkişafın ilk ayında xayalar peritonarxası sahədə, onurğa sütununun yanlarında, II-III bel fəqərələri səviyyəsində, ilkin böyrəyə söykənmiş vəziyyətdə yerləşir. Xayaların enmə prosesi proqramlaşdırırlmış bir prosesdir. Belə ki, enmə prosesində xayalar gubernakulumun yaxud digər adı ilə Hunter bağının yolunu izləyir. Bu birləşdirici toxumadan ibarət bağ xayanın aşağı qütbünə birləşərək xayalıq istiqamətində gedir. Bu şəkildə xayalar hazır anatomik trakt (yol) izləməklə 4-6 ci ayda qasıq kanalının daxili dəliyi səviyyəsinə enir. 7-ci ay boyunca xayalar qasıq kanalını keçərək 8-ci ayda qasıq kanalının xarici dəliyi səviyyəsinə çatır. 9-cu ayda xayalığa enməklə uşağın doğum anında xayalıqda olur.

Kriptorxizmin hansı formaları rast gəlinir?

Xayaların enmə prosesinin pozulmasından asılı olaraq kriptorxizm iki qrupa ayrılır:

  • İki forması ayırd edilir: qarın boşluğunda yaxud qasıq kanalında qalması (xayanın enmə səviyyəsindən asılı olaraq);
  • Xayanın ektopiyası – xayanın normal enmə traktından sapmasıdır. Bu zaman xaya tipik olmayan nahiyələrdə rast gəlinir: qasıq, bud, penianal bölgə.

Həmçinin yalançı kriptorxizm və yaxud psevdokriptorzim də ayırd edilir ki, bu kremaster refleksinin artması nəticəsində yığılmış əzələ liflərinin xayanı yuxarıya dartmasıdır. Həqiqi kriptorxizmdən xayanın əllə xayalığa endirməyin mümkün olması ilə fərqlənir. Cərrahi əməliyyat gösrərişi xayanın ölcülərinin geri qalması, ağrılar və burulma ehtimalına görə edilir.

Hansı səbəbdən baş verir?

Xayaların enmə prosesinə bir neçə faktor təsir edir. Bunlardan hər hansı birinin bu və ya digər səviyyədə pozulması kriptorxizmin müxtəlif formalarına səbəb olur.

  • Gubernakulumun (Hünter bağının) inkişaf patologiyası;
  • Hormonal faktor: Hamilə qadın orqanizmində sintez olunan qonadotrop hormonların və dölün özündə sintez olunan androgenlərin əhəmiyyəti böyükdür. Belə ki,cinsi hormonların əksikliyi xayanın enmə prosesində dayanmaya ( əksər hallarda iki tərəfli kriptorxizmə) səbəb olur.
  • Qonadların disgeneziyası: Cinsiyyət vəzilərinin – xaya və xaya artımının inkişafının pozulması onların cinsiyyət hormonlarına olan həssaslığının pozulmasına, bu da nəticədə kriptorxizmə səbəb olur.
  • Mexaniki faktor: Qasıq kanalının dar olması, xayalığa doğru tunelin olmaması, toxum ciyəsinin qısa olması.
  • Qarındaxili təzyiqin səviyyəsi də xayanın enmə prosesinə təsir edir.

Kriptorzimin rast gəlinmə tezliyi

Ədəbiyyat məlumatlarna görə yenidoğulmuşlar arasında kriptoxizmin rastgəlinmə tezliyi 1-3% dir. Vaxtından öncə doğulmuşlarda bu göstərici bir neçə dəfə yüksəkdir.

Kriptorxizm nə ilə təhdid edir?

Təbii olaraq xayalar xayalıqda nisbətən aşağı temperaturda olmağa uyğunlaşdırılmışdır. Bu normal spermatogenez – cinsi hüceyrələrin yetişməsi üçün vacib faktordur. Kriptorxizm zamanı xaya onun üçün normal olmayan temperatur şəraitində olduğundan bu spermatogenezin pozulmasına və nəticədə kişi sonsuzluğuna gətirib çıxarır. Enməmiş xayanın fəsadlarına həmçinin xayanın burulma və malignizasiya ( bədxassəli şiş əmələ gəlməsi ) ehtimalı da aiddir.

Kriptorxizmin diaqnostikası

Ən etibarlı üsul uşaq cərrahı tərəfindən aparılan müayinədir. Xayalığın və qasıq nahiyəsinin palpasiyası isti əllərlə, isti otaqda və uşaq üçün sakit şəraitdə aparılmalıdır. Həkimin palpasiya ilə xayanı xayalığa sala bilmədiyi hallar həqiqi kriptorxizmə aid edilir. Palpasiya ilə endirilə bildikdə isə bu yalançı kriptorxizm qasıq retensiyaya adlanır. Bu hal artmış kremaster refleksi ilə bağlıdır. Həqiqi kriptorxizmdə xayalıqda xaya və xayanın qişası olmur. Qasıq kanalının müayinəsi zamanı kriptorxizmin variantını – retensiya yaxud ektopiya olmasını təyin etmək mümkündür. Ektopiya zamanı xaya daha səthi yerləşmiş olur, qarın divarının gərginləşdirilməsi zamanı xayani palpasiya etmək daha asan olur. Retensiya zamanı ektopiyadan fərqli olaraq xayanı buda doğru sürüşdürmək mümkün deyil. Xayanın yerləşməsi və vəziyyəti, ölçüləri, qan dövranı barəsində ən dəqiq məlumatı USM və Doppler müayinə üsulları ilə əldə etmək mümkündür. Əllənməyən xaya olduqda və USM zamanı xaya müəyyən edilə bilmədikdə  müayinə üsulu olaraq son seçim diaqnostik laparoskopiyadır. Bu zaman qarın boşluğu təftiş olunaraq xaya və elementlərinin olub-olmamamsı təyin edilir. Müayinənin nəticəsinə əsasən cərrahi taktika müəyyən edilir. İkitərəfli kriptorxizmli və xarici cinsiyyət üzvlərinin yanaşı anomaliyaları (hipospadiya, ikiləşmiş xayalıq) olan uşaqlarda kariotipin təyin edilməsi mütləqdir.

Kriptorxizmin müalicəsi nədən ibarətdir?

Enməmiş xayanın yalnız bir müalicə üsulu var- cərrahi əməliyyat

Əməliyyat üç mərhələdən ibarətdir:

  1. Xaya və ciyə elementlərinin mobilizasiyası
  2. Xayanın endirilməsi
  3. Xayanın xayalığa fiksə edilməsi (orxiopeksiya)

Əllənməyən xaya sindromunda diaqnostik laparoskopia icra edilir. Bu zaman qarın boşluğu göbəkdən salınan xüsusi kamera ilə təftiş olunur. Nəticəyə görə sonrakı cərrahi taktika seçilir.

Variant 1. Normal ölçülərdə olan və normal uzunluqda ciyə elementlərinə malik xaya aşkar edildikdə xayanın endirilməsi əməliyyatı icra edilir.

Variant 2.  Normal ölçülərdə, amma qısa xaya damarları olan xaya müəyyən edildikdə 1 momentli endirilmə mümkün olmur. Bu zaman Fovler Stefans əməliyyatı icra edilir: xayanın vena damarlarının klipslənməsi, 6 ay sonra xayanın endirilməsi.

Variant 3.  Xaya aşkar edilmir, ancaq toxum ciyəsi elementləri qasıq kanalına daxil olur: açıq əməliyyata keçilərək qasıq kanalının reviziyası həyata keçirilir.

Variant 4.  Xaya və Ciyə elementləri aşkar edilmir: əməliyyat diaqnostik etapda sonlandırılır və böyük yaşlarda xaya protezinin qoyulması planlaşdırılır.

Kriptorxizmi hansı yaşda əməliyyat etmək lazımdır?

Öz-özünə enmə ehtimalı olduğundan  əksər hallarda 6 ayından sonra əməliyyat icra edilir. Optimal müddət yaş yarımına qədərdir. Belə ki, daha gec dönəmlərdə xayadakı dəyişikliklər geriyə dönməz xarakter alır. Gecikdirilmiş əməliyyatlar gələcəkdə sonsuzluq riskini artırır. Əməliyyat şəkillərinə Fotolar bölməsindən baxa bilərsiniz.

Müalicənin hansı nəticələri olur?

Ektopik və qasıq formalı retensiyalarda, ciyə elementləri kifayət qədər uzun olduqda nəticələr daha qənaətbəxş olur. Bu hallarda endirilmiş xayanın ölçüləri artaraq əks tərəfdəkinə çatır. Hipoplaziyaya uğramış və ciyə elementləri qısa olan xayaların endirildikdən sonra da inkişafdan qalması ehtimalı vardır. Tam inkişafdan qalmış xayanı endirmək deyil çıxartmaq məsləhət görülür.

Dr. Toğrul Ömərov

Uşaq cərrahı

Uşaq cərrahı Op. Dr. Toğrul Ömərov uzun müddətdir ki, Uşaq cərrahiyyəsi ilə bağlı bütün növ patalogiyaların cərrahi və ya mümkün mərhələlərdə konservativ müalicəsi ilə tam şəkildə məşğul olmaqdadır.